“Azərbaycan Supermarket” MMC oktyabrın 28-də 10 milyon manat məbləğində istiqraz yerləşdirib. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.
“Hərrac zamanı 19 investor tərəfindən 40 sifariş təqdim edilib. Sifarişlərin ümumi məbləği 27 milyon 31 min manat təşkil edib. Hərraca çıxarılmış istiqrazların bütün həcmi (10 milyon manat) yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Hərracda hər birinin nominal dəyəri 1 min manat olan 10 min ədəd istiqraz satılıb. İstiqrazın illik faiz dərəcəsi 10,5% təşkil edir, faiz ödənişləri rübdə bir dəfə həyata keçiriləcək. Qiymətli kağızların tədavül müddəti 3 ildir. Yerləşdirmənin anderraytinq xidmətini “Paşa Kapital İnvestisiya Şirkəti” QSC həyata keçirib.
Daha əvvəl verilən məlumata görə, “Azərbaycan Supermarket” MMC 40 milyon manatlıq istiqraz buraxmağı planlaşdırır.
MMC istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaiti yeni layihələrin maliyyələşdirilməsinə və cari lahiyələrin icrasının sürətləndirilməsinə yönəltməyi planlaşdırır.
“Azərbaycan Supermarket” MMC 2015-ci ilin fevral ayından fəaliyyət göstərir. Cəmiyyətin səhmdarları iki hüquqi (hər birinin payı 25%-dir) və bir fiziki şəxsdir (50%).
Şirkət ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı seqmentində fəaliyyət göstərir. 2020-ci ilin sonuna şirkətin 66 satış nöqtəsi (3 hipermarket, 10 supermarket, mağaza və kafelər) mövcuddur. Cəmiyyətə məxsus hipermarketlər, supermarketlər və mağazalar “Bravo” ticarət markası altında fəaliyyət göstərir. 2019-cu ilin sonuna cəmiyyətin ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı bazarında payı 2% təşkil edir. 2020-ci ilin sonuna “Azərbaycan Supermarket” MMC-nin aktivləri 465,5 milyon manata bərabərdir.
2020-ci il ərzində şirkətin gəlirləri 512,9 milyon manat, zərəri 46,929 milyon manat təşkil edib.*
X.Nəsirzadə