“AFB Bank” 2021-ci ilin yanvar-sentyabr alıarında aktivlərini 3% - 273 milyon 72,2 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 155 milyon 758,77 min manata (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 14,5% - İF), xüsusilə istehlak kreditləri 19 milyon 605,22 min manata (azalma 18,5%), əmlak kreditləri 43 milyon 665,88 min manata (artım 6,4%) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 187 milyon 218,38 min manat (azalma 8,4%) təşkil edir. Oktyabr ayının əvvəlinə bankda depozitlər 113 milyon 703,45 min manat (artım 2,8%), fiziki şəxslərin əmanətləri 26 milyon 266,55 min manat (azalma 29,3%) məbləğindədir.
Hesabat dövrünün sonuna “AFB Bank”ın kapitalı 85 milyon 853,83 min manat (artım 11,4%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 8,676 milyon manat (2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 4,9 dəfə - İF) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərin həcminə görə ölkənin 20 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə