Bu gün Azərbaycanda Zəfər Günü – İkinci Qarabağ müharibəsində qələbə günü qeyd olunur. Bu, Azərbaycan xalqı üçün xüsusi və ikiqat bayramdır – noyabrın 8-i həm də Qarabağ və bütün Azərbaycanın incisi olan Şuşa şəhərinin erməni işğalından azad edildiyi gündür.
Son 30 il ərzində Zəfər Günü Azərbaycan xalqı üçün ən səbirsizliklə gözlənilən bayramdır.
Hər birimiz Azərbaycan prezidenti və Ali Baş komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində xalqa televiziya vasitəsilə müraciətində Şuşa şəhərinin erməni işğalından azad edilməsini bəyan etdiyini çox yaxşı xatırlayırıq. Düşünürəm ki, bir çoxlarının həmin an gözləri yaşla doldu, bu sevinc hisslərini gizlətmək çətindir.
Şuşa şəhərinin azad olunması 2020-ci ildə Azərbaycan-Ermənistan müharibəsində təsirli nöqtəni qoydu. Bundan sonra müharibənin nəticəsi hər kəs üçün artıq aydın oldu. Bu səbəbdən iki gündən az bir müddətdə Ermənistanın baş naziri Nikol Paşinyanın öz məğlubiyyətini boynuna alaraq, Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair bəyanata imza atması heç kəsi təəccübləndirmədi, əslində bu bəyanat kapitulyasiya aktı idi.
Buna görə Şuşa şəhərinin azad olunması gününün Azərbaycanın Ermənistana qarşı müharibəsində Zəfər Günü kimi qəbul edilməsinin müəyyən rəmzi mənası var.
Son bir il ərzində Azərbaycan hərbçilərinin Şuşa şəhərini işğaldan azad etmək üçün həyata keçirdikləri inanılmaz əməliyyat barədə çox danışılıb. Əlbəttə, bu üstü açılmış məlumatın yalnız kiçik hissəsidir, əminəm ki, gələcək illərdə biz bu əməliyyatın daha çox maraqlı digər təfərrüatlarını öyrənəcəyik. İstənilən halda, “dağlarda əməliyyat” müharibənin ilk günündən erməniləri sıxışdıran və metodik zərbələr endirən Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük sürətli əks-hücum əməliyyatının tacı oldu.
Mənim nöqteyi-nəzərimə əsasən, İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Azərbaycan rəhbərliyi Qarabağ məsələsini həll etmək üçün müharibəni mümkün variant kimi nəzərdən keçirdiyini heç zaman gizlətməyib. Həmçinin, işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə hərbi əməliyyatların aydın olması ildən ilə artırdı, çünki 2016-cı ildən sonra, xüsusilə 2018-ci ildən sonra Ermənistanla danışıqlar dalana dirəndi və aydın oldu ki, İrəvanı konstruktiv danışıqlar məcrasına qaytarmaq üçün vasitəçilərin variantı yoxdur. Azərbaycan 27 il ərzində nəticəsiz danışıqlar aparıb və prezident Əliyevin bəyan etdiyi kimi, bu başağrısı daha 27 il davam edə bilərdi. Lakin Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək 44 günlük hərbi kampaniya ərzində sülh danışıqlarının verə bilmədiyi əldə etdi. Gec də olsa belə, ədalət öz yerini tapdı – Qarabağ və Şərqi Zəngəzur erməni əsarətindən qurtularaq öz yurdlarına qayıtdı.
Son 20 il ərzində Azərbaycan müdafiə potensialının gücləndirilməsi, Ordunun peşəkarlığının artırılmasına böyük vəsait yatırıb. Sirr deyil ki, Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlubiyyətinin amillərindən biri yaxşı hazırlıq görən Ordunun olmaması idi, 90-cı illərin əvvəlində Ordumuzda peşəkar hərbi kadrların kəskin defisiti vardı. 27 il ərzində bu qüsur aradan qaldırılıb, bu gün hərbi qulluqçu peşəsi Azərbaycanda ən nüfuzlu peşələrdən biri hesab olunur. Buna görə bu gün ölkəmizdə maksimal qısa zamanda bu cür əməliyyatlar üçün minimum itkilər verən Silahlı Qüvvələr var, hansı ki, düşmənin eşelonlaşdırılmış müdafiəsini yardı, onu qaçmağa vadar etdi və 1,5 ay ərzində heç bir xarici hərbçilərin və ekspertlərin hətta təsəvvür belə etmədiklərini həyata keçirdi. Həmin xarici hərbçilər və ekspertlər ağzıköpüklü halda hər yerdə bəyan edirdilər ki, Azərbaycanın Qarabağı hərbi yolla azad etməklə bağlı bir şansı belə yoxdur. Ancaq Azərbaycan rəhbərliyi həmin ekspertlərə heç bir əhəmiyyət vermədən, “it hürər, karvan keçər” misalının tərəfdarı idi.
Bir il öncə Azərbaycan prezidenti İlham Əliyevlə müsahibəmi xatırlayıram, hərbi əməliyyatların başlanmasından bir ay keçmişdi. Dövlət başçısı cəbhədə hər şeyin plana uyğun olaraq və Azərbaycan üçün lazımi məcrada həyata keçirilməsi ilə bağlı tam əminlik əhval-ruhiyyəsində idi.
Bəli, müharibə dövründə biz böyük təzyiqlə üzləşdik. Xaricdəki erməni lobbisi özünün bütün maliyyə, siyasi resurlarını müharibəni dayandırmaq, Azərbaycana “Dəmir yumruq” ilə işğalçını Azərbaycan torpağından qovmağa imkan verməmək üçün səfərbər etmişdi. Lakin erməni diasporunun bütün cəhdləri nəticəsiz qaldı və Azərbaycan əks-hücum əməliyyatını məntiqi sona çatdırdı.
Qarabağda müharibə başa çatdığı andan bir il ötür. Bu il ərzində regionda bir çox hadisələr baş verdi. İndi fəal siyasi mərhələ həyata keçirilir – Azərbaycan ardıcıl surətdə öz mövqelərini, sərhədlərini möhkəmləndirməyə davam edir. Rəsmi Bakı İrəvana sülh sazişi imzalamağı, biri-birinin ərazi bütövlüyünü tanımağı, sərhədlərin delimitasiyasını həyata keçirməyi, yəni iki qonşu dövlət arasında münasibətləri normallaşdırmaq üçün hər şey etməyi təklif edib. Gələcəkdə hadisələrin necə inkişaf edəcəyi daha çox Ermənistandan asılıdır. Hələlik İrəvanda tərəddüd edirlər, Bakının uzatdığı “zeytun budağı”nı (sülh simvolu) qəbul etmək istəmirlər. O zaman Ermənistan nəyi gözləyir? Azərbacanla, həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılması və hər hansı iqtisadi rifah şansı əldə etmək üçün Ermənistan üçün sağ qalmaq üçün yeganə şansdır. Əks halda Ermənistanı təcrid, səfalət və ümidsiz gələcək gözləyir. Lakin bu artıq Ermənistanın özünün, onun indiki və gələcək rəhbərlərinin problemidir.
Eyni zamanda, Azərbaycan azad olunan əraziləri bərpa etmək üçün əlindən gələni edir. İşğal dövründə Qarabağda və Şərqi Zəngəzurda çox sayda şəhərlərimiz və yaşayış məntəqələrimiz dağıdılıb, bu yerlərdə ermənilər tərəfindən Azərbaycan irsi, Azərbaycana xalqına məxsus olan yüzlərlə və minlərlə mədəniyyət və tarixi abidələr məqsədyönlü şəkildə məhv edilib. Təəccüblü odur ki, rəsmi Bakı təxminən 30 il ərzində bütün səviyyələrdə “başıbəlalı” qonşularımızın Azərbaycan xalqı və onun irsinə qarşı törətdikləri, erməni vandalizmi, terror barədə söz açıb, lakin bütün bu çağırışlarımız cavabsız qalıb. Dünya birliyi “heç nə görmürəm, heç nə eşitmirəm, heç kəsə heç nə demirəm” mövqeyində qalıb. İndi isə, çoxəsrlik Azərbaycan irsinin məhv edilməsini görməyən həmin təşkilatlar və xarici dövlətlər birlikdə və çox həvəslə Qarabağda “kiçicik erməni irsini” müdafiə etməyə başladılar. Amma təəccüblənməyə dəyməz, Azərbaycan ilk dəfə və yəgin ki, son dəfə deyil ki, ikili standartların tətbiqi ilə üzləşir.
Bu gün Azərbaycan xalqı ata və qardaşlarının şücaəti, igidliyi hesabına əldə olunan qələbədən zövq alır. Bizə bu qələbə çox baha başa gəlib – 3 minə yaxın şəhid, minlərlə qazi və yaralımız var. Lakin bununla belə qələbənin dəyəri daha da artır. Qanla itirdiklərimizi qan bahasına qaytarmışıq və hər birimiz xalqımızın verdiyi qurbanları anlamalıyıq.
Azad edilmiş ərazilərin bərpası və mülki əhalinin öz yurdlarına geri qaytarılması Azərbaycan üçün prinsipial məsələdir. Artıq bərpa işləri fəal şəkildə həyata keçirilir və müharibə bitdikdən sonra bir il ərzində çox işlər görülüb, 2022-ci ildən başlayaraq dinc vətəndaşların öz evlərinə mərhələli şəkildə geri qaytarılması başlanacaq.
Zəfərin şirin anı qiymətsizdir, ondan zövq almaq lazımdır, xüsusilə bu cür səbirsizliklə gözlənilən və layiqli olarsa. Lakin uzun zaman arxayın olmaq olmaz. Azərbaycan xalqı, Ordumuz 2020-ci ilin payızında tarix yazdı, bu proses bu gün də davam edir, çünki Qarabağda bəzi qanunsuz elementlər silahı könüllü olaraq yerə qoymaq istəmirlər, biz indi onları bunu etməyə vadar edirik, tələsmədən, hərbi və mənəvi üstünlük hissi ilə. Eyni zamanda, biz tarixi unutmamalıyıq, düşmənlərimizin caniliyini xatırlamalıyıq. Azərbaycan irəliləməli, inkişaf etməli, iqtisadi və siyasi cəhətdən möhkəmlənməlidir, düşmən və dost olmayanlardan bir addım öndə olmalıdır. 2020-ci ilin payızında əldə olunan Zəfər naminə...
**
Anar Əzizov