Azərbaycan hesab edir ki, Qarabağa dair Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə icrası vacibdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. Ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. Bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli bəyanatların tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir”, - Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanatında deyilir.
XİN qeyd edir ki, münaqişənin bitməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və “hər kəs bu reallıqları qəbul etməlidir”.
“Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”, - XİN-dən bildirilir.
Eyni zamanda, XİN məlumat verir ki, 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilən qeyri-qanuni fəaliyyət, beynəlxalq hüquq pozuntuları, müharibə cinayətləri, o cümlədən urbisid, kultursid, ekosid cinayətlərinin araşdırılması və bu pozuntulara görə məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfindən müvafiq addımlar atılıb. “Bu addımlar növbəti mərhələdə davam edəcəkdir. Günahkarların cəzalandırılması, ədalətin təmin olunması və gələcəkdə bu halların təkrarlanmasının qarşısının alınması baxımından vacibdir”, - bəyanatda deyilir. **
N.Abbasova