08.11.2021 15:46

Əliyev və Lukaşenko Azərbaycanda layihələrin reallaşmasında Belarus şirkətlərinin iştirakı imkanlarını müzakirə ediblər

Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı əməkdaşlığın perspektivlərini müzakirə edib.

“Dövlət başçıları ikitərəfli əməkdaşlığın strateji xarakterini təsdiq edib, bu ilin aprel ayında Bakıda iki prezident arasında danışıqların gedişində əldə edilmiş razılaşmaların reallaşmasının gedişini nəzərdən keçirib, Azərbaycan ərazisində genişmiqyaslı qarşılıqlı faydalı layihələrin reallaşmasında Belarus şirkətlərinin iştirakının perspektivlərini müzakirə ediblər”, - Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir.

Lukaşenko Azərbaycanla Ermənistan arasında çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışlayıb. Belarus prezidenti, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacibliyinə xüsusi diqqət yetirib.

“Lukaşenko vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalı, orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir”, - məlumatda deyilir.

O cümlədən, Belarus prezidenti bir il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş və qan tökülməsinə son qoymuş bəyanatın müstəsna əhəmiyyətini qeyd edib.

Bundan əlavə, Lukaşenko Əliyevə məlumat verib ki, Belarus və Azərbaycan xalqlarının dostluğu əlaməti olaraq Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq. **

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.