Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
“Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırdı. Prezident Əliyev bu Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Ərdoğanın dəstəyini bir daha yüksək qiymətləndirərək, xüsusi olaraq vurğuladı ki, məhz müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu”, - Azərbaycan prezidentinin Mətbuat Xidmətindən məlumat verilir.
Həmçinin, Əliyev Türkiyə prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğuladı.
“İki ölkənin liderləri Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd etdilər. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə, Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edildi”, - məlumatda deyilir. **
N.Abbasova