2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin sayı 28,247 min nəfər və ya 0,3% artaraq 2021-ci il oktyabrın 1-nə 10 milyon 147,38 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Yanvar-sentyabr aylarında ölkə üzrə 82,928 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 13,1% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,5%, qızların xüsusi çəkisi isə 46,5% olub. Körpələrdən 2,104-ü əkiz, 60-ı üçəm, 4-ü isə dördəm doğulub.
Bu dövrdə 56,173 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,5 təşkil edib. 2020-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 6,3 olub.
Cari ilin yanvar-sentyabr aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 41,067 min nikah (2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 56,1%) və 12,892 min boşanma halı (artım 16,3%) qeydə alınıb.
9 ay ərzində Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1847 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə