ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı İrəvan və Bakını Azərbaycan-Ermənistan sərhədində gərginliyi aradan qaldırmağa çağırıb.
“Mən deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, - deyə ATƏT sədri Twitter hesabında yazıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon söhbəti zamanı Ann Linde bu il noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi vəziyyətin gərginləşdirilməsindən çəkinməyə və konstruktiv dialoqa çağırıb.
Nazir Ceyhun Bayramov baş verən gərginliyin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbəti biri olduğunu qeyd edib. O, bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli Bəyanatın icrasına maneələr törədilməsinin məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.
“Ermənistanın Azərbaycanı beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini Lindenin diqqətinə çatdıran Ceyhun Bayramov məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib”, - deyə məlumatda qeyd olunur.
Telefon danışığı zamanı tərəflər, həmçinin ATƏT-in Stokholmda keçiriləcək nazirlər görüşünə hazırlıqla bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
E.Şəfiyev