Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, noyabrın 9-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev ilə videokonfrans rejimində üçtərəfli görüşdən imtina edib.
“Noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi. Mən dedim ki, bu ideya bizim üçün problemlidir, çünki noyabrın 9-u bizim üçün çətin gündür”, - Paşinyan videokonfrans formatında mətbuat konfransında bildirib.
O qeyd edib ki, aydın olsaydı ki, “konkret qərarlar, misal üçün, erməni hərbi əsirlərin qaytarılması ilə bağlı qərar qəbul ediləcək”, o zaman noyabrın 9-da görüşə razılıq verərdi.
“Mən dedim ki, bu halda 9 noyabr tarixi nə qədər çətin və ağrılı olsa belə, bunun öhdəsindən gəlib görüşdə iştirak edə bilərəm. Lakin məlum olanda ki, həmin görüşdə bu cür razılıq əldə oluna bilməz, mən görüşü noyabrın 15-nə keçirməyi xahiş etdim. Daha sonra görüşün noyabrın 26-na və əyani formada keçirilməsi təklif edildi, mən də razılaşdım”, - Paşinyan bəyan edib.