Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə videokonfrans formatında görüşü baş tutub.
“Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər məsələlər barədə Söderə məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əminamanlığın təmin olunması mövqeyindən çıxış etdiyini vurğulayıb. Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin İrəvanın buna qarşılıq verilmədiyini qeyd edib”, - XİN-dən məlumat verilib.
Öz növbəsində Söder ATƏT-in fəaliyyətdə olan sədri qismində İsveçin Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığı, bu xüsusda Azərbaycanın səylərini dəstəklədiyini bildirib, bu istiqamətdə fəaliyyətin bütün bölgənin inkişafı üçün önəmli olduğunu ifadə edib.
Qeyd olunur ki, tərəflər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, o cümlədən həyata keçirilən layihələri və gələcək planları, habelə cari ili dekabr ayında Stokholm şəhərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 28-ci iclasına hazırlıq məsələlərini müzakirə ediblər.
“Bayramov və Söder, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır. **