Azərbacan və Türkiyə XİN başçıları Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilir.
“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabad şəhərində keçirilən 25-ci iclası çərçivəsində Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib. Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər”, - XİN-in məlumatında deyilir.
“Tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Bundan əlavə, XİN başçıları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
A.Salayeva