Azərbaycan İranla əlaqələrə böyük önəm verir. Bunu Prezident İlham Əliyev deyib.
“Bu, bizim birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcək. İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk”, - deyə dövlət başçısı bu gün iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşdə bildirib.
Azərbaycan Prezidentinin saytında verilən məlumata görə, görüş Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.
Prezident Seyid İbrahim Rəisi qeyd edib ki, Azərbaycanın rəsmi şəxslərinin, həm baş nazirin müavininin, həm də xarici işlər nazirinin İranın xarici işlər nazirinin müavini ilə çox yaxşı təmasları oldu. “Mən əminəm ki, belə əlaqələr, təmaslar, müzakirələr iki ölkənin münasibətlərinin inkişafına töhfələr verəcək. Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər. Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür”, - deyə o vurğulayıb.
“Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik”, - deyə Rəisi əlavə edib.
İran lideri qeyd edib ki, Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. “İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır”, - deyə o vurğulayıb.
Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.
“Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirilib, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılıb.*
R.Əhmədov