Düşənbə Bakı ilə siyasi dialoqun hazırkı səviyyəsindən məmnundur, ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir. Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib.
Görüş noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.
“Tacikistan Azərbaycanla dövlətlərarası əməkdaşlığın inkişafına böyük önəm verir və biz siyasi dialoqun hazırkı səviyyəsindən məmnunuq”, - deyə E.Rəhmon bildirib.
Əliyev və Rəhmon ölkələr arasında sənaye, nəqliyyat, rabitə, yükdaşıma və digər sahələrdə ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində və genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
“Bu kontekstdə tərəflər ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin intensivləşdirilməsinin, əməkdaşlığa dair imzalanmış sənədlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsinin zəruriliyini qeyd ediblər”, - deyə Tacikistan liderinin saytında dərc olunmuş məlumatda qeyd olunur.
Elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı 2022-ci ildə Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təklif edilib.
“Görüşün sonunda Rəhmon Əliyevi onun üçün münasib olan istənilən vaxtda Tacikistana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub”, - deyə məlumatda vurğulanır.*
E.Şəfiyev