Azərbaycan və Türkmənistanın gələcəkdə birgə enerji layihələri həyata keçirməsinə zərurət var. Bunu Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov deyib.
“Azərbaycan və Türkmənistan karbohidrogen ehtiyatları ilə zəngin olan dövlətlərdir və istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları nəzərə alınmaqla, bu ehtiyatların bərabər əsasda dünya bazarlarına nəqlinin şaxələndirilməsinə tərəfdardır. Bu kontekstdə regionda enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də iki ölkə xalqlarının rifahının yaxşılaşdırılması üçün gələcəkdə birgə enerji layihələrinin həyata keçirilməsinə zərurət var”, - deyə Q.Berdiməhəmmədov noyabrın 26-da Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi Türkmənistan liderinin saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, görüş zamanı tərəflər bir sıra əsas istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi və yanacaq-energetika sahələrində, nəqliyyat sektorunda qurulmuş məhsuldar əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
“Berdiməhəmmədov və Cabbarov vurğulayıblar ki, ali və hökumətlərarası səviyyələrdə əldə edilmiş razılaşmaların ardıcıllıqla həyata keçirilməsi, həmçinin nazirlik və idarələrin, işgüzar dairələrin nümayəndələrinin mütəmadi görüşlərinin keçirilməsi, irimiqyaslı birgə forumlarda iştirak bərabərhüquqluluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq prinsipləri üzərində qurulan Türkmənistan-Azərbaycan dialoqunun möhkəmləndirilməsinə xidmət edir”, - deyə məlumatda bildirilir.
Görüşdə Türkmənistan prezidenti yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı layihələrin uğurla həyata keçirilməsi üçün hər iki dövlətin potensialından daha geniş şəkildə istifadə edilməsi məqsədilə birgə tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
“Bu istiqamət dövlətlərarası əməkdaşlığın əsas vektorlarından biridir. Həm Türkmənistandan Azərbaycana, həm də Azərbaycandan Türkmənistana tranzit yüklərin həcminin artması bunun göstəricisidir. Bununla əlaqədar qeyd edilib ki, iki ölkənin müvafiq nəqliyyat təşkilatları cəlb olunmaqla keçirilən işgüzar görüşlər, aparılan məsləhətləşmələr bu sektorda tərəfdaşlığın daha da genişləndirilməsinə kömək edəcək”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, bu, Berdiməhəmmədov və Cabbarovun cari ilin noyabr ayında baş tutan ikinci görüşüdür.*
E.Şəfiyev