İqtisadiyyat Nazirliyi sahibkarlar tərəfindən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında həyata keçirmək üçün təqdim edilmiş layihələrin dəyərləndirilməsini aparır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə 10-dək layihə təqdim edilib. Bu layihələrin ilkin investisiya dəyəri 40 milyon manata yaxındır”, - deyə o, Facebook səhifəsində yazıb.
2021-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Parka 190 hektar ərazi ayrılıb. Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye parkı 200 hektar ərazini əhatə edəcək. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.*
B.Rüstəmbəyov