Dekabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri Zobaida Cəlalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Görüşdə Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə üçtərəfli birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
“Z.Həsənov hər üç ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin əhəmiyyətini qeyd edərək bu sahədə səylərin artırılmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Pakistan və Türkiyə ilə birgə ikitərəfli, o cümlədən üçtərəfli əməkdaşlıqların inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlər müzakirə olunub.*
E.Şəfiyev