Azərbaycan qısamüddətli dövr ərzində bərpa olunan enerji sahəsinə $500 milyon həcmində xarici sərmayələr cəlb edəcək. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
“(...) Biz enerji sahəsini islahatlar vasitəsilə tam dəyişirik, buna qanunvericilik, bərpa olunan enerjidən daha çox istifadə məqsədilə əlverişli mühitin yaradılması üçün normativ baza, “yaşıl enerji”yə xarici sərmayələrin cəlb olunması daxildir. Yaxın aylarda müxtəlif layihələr çərçivəsində bərpa olunan enerji sahısinə Azərbaycan iqtisadiyyatına $500 milyon həcmində xarici sərmayələr yatırılacaq”, - Şahbazov cümə axşamı Asiya İnkişaf Bankının (AİB) təşkil etdiyi “Enerji səmərəliliyə sərmayələrin yatırılması” mövzusunda onlayn forumunda bildiib.
O, həmçinin qeyd edib ki, külək və günəş enerjisi sahəsində planlaşdırılan layihələrin ümumi gücü 470 MVt təşkil edəcək.
Şahbazov məlumat verib ki, tezliklə Azərbaycanda Enerji Səmərəliliyinin Təkmilləşdirilməsi Fonduyaradılacaq.
Eyni zamanda, Şahbazov çıxışında dünya birliyini enerji səmərəliliyi sahəsinə investisiyaları 3 dəfə artırmağa çağırıb. “2030-cü ilə qədər dünya birliyi enerji səmərəliliyi sektoruna investisiyalarıüçdəfə artırmalıdır ki, xalis sıfır karbon emissiyası hədəfinə çatılsın”, - nazir vurğulayıb.
Xəbər verildiyi kimi, Energetika Nazirliyi 2020-ci ilin yanvar ayında “ACWA Power” və “Masdar” şirkətləri ilə bərpa olunan enerji mənbələri sahəsində pilot layihələrin reallaşdırılması haqqında icra müqavilələri imzalayıb.
Xəbər verilib ki, ACWA Power” və “Masdar” şirkətlərinin iştirakı ilə layihələr build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihələrin reallaşdırılmasına ümumi sərmayə qoyuluşu $500 milyon məbləğində qiymətləndirilir.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyasının gücü 230 MVt, “ACWA Power” şirkətinin inşa edəcəyi külək elektrik stansiyasının gücü 240 MVt təşkil edəcək. Stansiyaların 2023-2024-cü illərdə istismara verilməsi planlaşdırılır. **
X.Nəsirzadə