Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Bolqarıstanın xarici işlər naziri Svetlan Stoev ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Görüşdə nazirlər əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağı ifadə ediblər. Tərəflər, həmçinin iki ölkə arasında siyasi, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf potensialını qeyd ediblər”, - məlumatda deyilir.
O cümlədən, nazirlər Cənub Qaz Dəhlizinin Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar.
Bundan əlavə, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə