Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Hökumətin qərarına əsasən, bu qayda dizel yanacağı ilə çalışan avtomobil nəqliyyatı ilə dövlət tərəfindən tənzimlənən tariflərə uyğun müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara şamil edilir.
Subsidiyanın məbləği təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25%-i həcmində, lakin aşağıdakı məbləğlərdən çox olmamaqla hesablanır: müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7%-i məbləğində; müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3%-i məbləğində; müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5%-i məbləğində.
Subsidiyanın alınması üçün daşıyıcıların müraciətinə 20 gün müddətində baxılır.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Nazirlər Kabinetinə təqdim eməlidir.
Bundan əlavə, İqtisadiyyat Nazirliyinə verilən subsidiya barədə illik icmal hesabatı növbəti ilin 1 fevral tarixinədək Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. **