Yevlax Pilot Aqroparkın yaradılması layihəsinə investisiya qoyuluşunun 72%-ni özəl investisiyalar təşkil edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Yevlax Pilot Aqroparkın 103 milyon manatlıq layihə dəyərinin 74 milyon manatı özəl, 29 milyon manatı dövlət investisiyasıdır”, - deyə nazir Facebook səhifəsində yazıb.
M.Cabbarov bu gün Yevlax Pilot Aqroparkın rəmzi açılışında iştirak edib.
Onun sözlərinə görə, aqroparkın 2.855 hektar ərazisinin 1.147 hektarında 100 ailə-fermer təsərrüfatı yaradılacaq, 1.133 hektarında yemlik bitkilər və şəkər çuğunduru əkiləcək, 210 hektarda isə kommunikasiya xətləri çəkiləcək və mühafizə zolaqları salınacaq.
“Aqroparkda 500 nəfər daimi, 1000 nəfər mövsümi işlə təmin ediləcək”, - deyə iqtisadiyyat naziri qeyd edib.
O vurğulayıb ki, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş bu aqroparkın ilk rezidenti “İsfa” MMC-dir.*
A.Salayeva