2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və kondensat satışından $5 milyard 550 milyon 178 min məbləğində gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 53,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin satışından $5 milyard 272 milyon gəlir (artım 58%) əldə edib.
Bu dövrdə ARDNF “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $730,707 milyon gəlir (artım 2,6 dəfə) əldə edib. Fondun kondensat satışından gəlirləri $278,178 milyon (artım 35,7%) təşkil edib.
Fondun məlumatına görə, 2001-ci ildən 1 dekabr 2021-ci il tarixinədək AÇG blokundan hasil edilən mənfəət neftinin satışından ARDNF-ə $154,677 milyard, 2007-ci ildən 1 dekabr 2021-ci il tarixinədək “Şahdəniz” yatağından hasil edilən mənfəət qazı və kondensat satışından $4,397 milyard məbləğində vəsait daxil olub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
B.Rüstəmbəyov