İqtisadiyyat naziri Mikayıl Cabbarov bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracının $2,6 milyardı ötəcəyini proqnozlaşdırır.
“Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylərimizi davam etdiririk. Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq $2,6 milyardı ötəcək”, - deyə nazir Facebook səhifəsində yazıb.
2021-ci ilin yanvar-noyabr aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı $2,4 milyard təşkil edib ki, bu da 2020-ci ilin 11 ayının göstəricisindən 44% çoxdur.
2020-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,9 milyard təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. Azalma COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin mənfi təsiri ilə şərtlənib.
Daha əvvəl İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə qeyri-neft ixracını $2,2 milyarddan artıq məbləğdə gözləyirdi.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft ixracı $4 milyard təşkil edəcək.*
X.Nəsirzadə