2021-ci ilin yanvar-noyabr aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 15 milyard 922,9 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 44,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 50,4%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, yanvar-noyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 31 milyard 592,5 milyon kubmetr qaz (artım 20,2%) nəql edilib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,83%), “Petronas” (15,5%), SOCAR (16,67%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
2020-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 12 milyard 267,7 milyon kubmetr təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 17,8% çoxdur.*
N.Abbasova