Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Brüsseldə keçirilən görüşdə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərarı və razılaşmanı təsdiq etdik”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, dəmir yolu ölkələrin suverenliyi altında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcək.
“Ermənistan bu dəmir yolu ilə İrana və Rusiyaya, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək. Əgər Türkiyə ilə effektiv dialoq qura bilsək, sərhəd və kommunikasiyaların açılmasına nail olsaq, bu layihə böyük əhəmiyyət kəsb edə bilər, çünki Gümrü-Qars dəmir yolu mövcuddur. Biz dəmir yolunun tikintisinə başlamalıyıq”, - deyə Paşinyan qeyd edib.
Baş nazir bildirib ki, Ermənistan tərəfi bu dəmir yolunu mümkün qədər tez açmaq istəyir.
“Bu, mühüm qərardır, ümid edirəm ki, layihə həyata keçiriləcək, bu isə regionda iqtisadi, investisiya və siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək”, - deyə o əlavə edib.*