Türkiyə qısa zamanda İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə başlamağı ümid edir. Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez bəyan edib.
“Ötən ilin dekabr ayında Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə dair Memorandum imzalayıb. Ümid edirik ki, tezliklə SOCAR və BOTAS bu layihənin reallaşdırılmassı məqsədilə işləri başa çatdıracaqlar. Texniki hazırlıqlar sona çatandan sonra ən qısa zamanda qaz kəmərinin tikintisinə başlanacağına ümid edirik”, - Dönməz çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışında bildirib.
Öz növbəsində, Azərbaycanın energetika naziri Pərviz Şahbazov xatırladıb ki, İğdır-Naxçıvan qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr və ya gündəlik 1,5 milyon kubmetr qaz təşkil edəcək. “Bu layihə qaz tədarükünün şaxələndirilməsi hesabına Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini möhkəmləndirəcək və bütövlükdə Azərbaycamla Türkiyə arasında əlaqələri dərinləşdirəcək”, - o bildirib.
Türkiyə ərazisində İğdır-Naxçıvan boru kəmərinin uzunluğu təxminən 85 km təşkil edəcək. Layihə çərçivəsində bir qaz ölçmə stansiyasının inşası da planlaşdırılır.
Hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Lakin NMR-in enerji təhlükəsizliyinin təmin edilməsi üçün Naxçıvana qazın ikitərəfli - İran və Türkiyədən nəqli məqsədəuyğundur.**
N.Abbasova