Böyük Britaniyanın BP şirkəti Azərbaycan Energetika Nazirliyi ilə birgə Şərqi Zəngəzurda günəş elektrik stansiyasının tikinti layihəsinin reallaşdırılması məqsədilə tədqiqatlara başlayıb. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Ən iri 240 MVt gücündə günəş elektrik stansiyasının inşası Şərqi Zəngəzurda – Cəbrayılda planlaşdırılır. Hazırda BP şirkəti ilə birgə bu layihənin reallaşdırılmasının qiymətləndirilməsini həyata keçiririk. Bu layihə üçün artıq torpaq sahəsi ayrılıb və orada bütün zəruri tədqiqatlar aparılır”, - Şahbazov CBC telekanalına müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Nazir bildirib ki, o cümlədən, Şərqi Zəngəzurda 100 MVt gücündə külək elektrik stansiyasının tikinti layihəsinin reallaşdırılması planlaşdırılır.
“Stansiya Kəlbəcər və ya Laçın ərazisində inşa olunacaq. Bu da investisiya layihəsidir. Hazırda bu məsələ ilə bağlı müvafiq sorğu keçiririk (şirkətlər arasında - İF), artıq buna konkret maraq ifadə edən şirkətlər var. Həmin şirkətlər Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və s. ölkələrdəndir. Bu layihə ilə əlaqədar hələlik işlərin ilk mərhələsindəyik, hələ müvafiq tədqiqatlar aparmalıyıq. Orada şərait sadə deyil və bu, əlavə səylər tələb edəcək, ancaq biz bu istiqamətdə işləyirik”, - nazir deyib.
O, həmçinin məlumat verib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarda 100 MVt ümumi gücündə çox sayda kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Nazirin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş elektrik enerjisi istehsalı üzrə potensialı 7,2 min MVt, külək elektrik enerjisi üzrə - 2 min MVt həcmində qiymətləndirilir. Bundan əlavə, Azərbaycanın daxili su ehtiyatlarının 25%-i bu regionlarda formalaşır.
“Yaşıl enerji konsepsiyasına əsasən, azad edilmiş ərazilərdə generasiya olunan bütün elektrik enerjisi həmin ərazilərdə onun istehlak səviyyəsini üstələyəcək. Elektrik enerjisinin qalığı Azərbaycanın digər regionlarına ötürüləcək”, - nazir əlavə edib. **
N.Abbasova