Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin tezliklə başlamasının tərəfdarıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası işlərinin mümkün qədər tezliklə başlamasının tərəfdarıyıq. Bunun Qarabağ bölgəsinə və nizamlanma məsələlərinə aidiyyəti yoxdur, bu, sırf ikitərəfli məsələdir. Artıq bir ilə yaxındır ki, biz delimitasiya və demarkasiya məsələləri üzrə komitə yaradaraq, bu komissiyada məsləhətçi olmağımızı təklif edərək, Sovet İttifaqının formalaşmasının müxtəlif mərhələlərini, İttifaqın sərhədlərində və müttəfiq respublikalar arasındakı sərhədlərdə baş vermiş dəyişiklikləri əks etdirən xəritələrin Rusiya Baş Qərargahında və digər strukturlarda olmasını nəzərə alaraq bu işə başlamağı təklif edirik”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Rusiyalı nazir qeyd edib ki, dünən bu məsələni Ermənistan xarici işlər naziri ilə müzakirə edib. “Dünən mən yeni təklifləri olan erməni həmkarımla danışdım, biz o təklifləri Bakıya göndəririk. Görək komissiyanın tez işə salınması üçün nə edə bilirik. Moskva komissiyanın yaradılmasını və ilk növbədə həll edilməli olan məsələlərin onun gündəliyinə daxil edilməsini məqsədəuyğun sayır”, - deyə S.Lavrov əlavə edib.*
N.Abbasova