Ukrayna və Azərbaycan ola bilsin ki, GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılması üzərində işləyəcək. Bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.
“Biz gələcəkdə də bir sıra perspektivlər üzərində işləyəcəyik, o cümlədən bu, ola bilsin ki, GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılmasıdır”, - deyə Zelenski bu gün Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tranzit potensialının inkişafı və müvafiq müasir infrastrukturun yaradılması aktual mövzudur.
“Biz beynəlxalq avtomobil və dəmir yolu daşımaları sahəsində, həmçinin aviasiya sahəsində əməkdaşlığı genişləndirməliyik”, - deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti əlavə edib ki, o, Azərbaycan Prezidenti ilə kənd təsərrüfatı və titan istehsalı sahəsində əməkdaşlıq məsələsini də müzakirə edib.*