Martda Azərbaycan-Ukrayna hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti iclası keçiriləcək. Bunu Prezident İlham Əliyev deyib.
“Müzakirə etdiyimiz bütün istiqamətlər üzrə konkret fəaliyyət proqramının işlənməsi ilə bağlı bu gün müvafiq göstərişlər verildi. Həm birgə hökumətlərarası komissiyasının rəhbərliyinə, həm aidiyyəti qurumların rəhbərlərinə və əminəm ki, iki aydan sonra birgə komissiyanın Bakıda keçiriləcək növbəti iclasında artıq konkret qərarların verilməsinin də şahidi olacağıq”, - deyə dövlət başçısı yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
O, həmçinin pandemiyaya baxmayaraq, keçən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin 20 faizdən çox artmasından məmnunluq ifadə edib.
“Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, bugünkü görüşdə əldə olunmuş razılaşmalar Azərbaycan və Ukrayna arasında kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılması üçün zəmin yaradır.
“Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq”, - deyə İ.Əliyev vurğulayıb.*