Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm marşrut avtobuslarına biletlərin qiymətləri açıqlanıb.
Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib.
Onun sözlərinə görə, reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək.
“Bakı-Şuşa-Bakı biletinin qiyməti (bir istiqamət üçün) 10,4 manat, Bakı-Ağdam-Bakı avtobuslarının qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) 7 manat, Bərdə-Ağdam-Bərdə (express) 5 manat, Füzuli BHL - Şuşa (express) biletinin qiyməti isə 6 manat təşkil edəcək”, - deyə nazir müavini qeyd edib.
R.Hümmətov əlavə edib ki, sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Avtobus marşrutları 24 yanvar tarixindən etibarən istifadəyə veriləcək.
Bilet satışı yolumuzqarabaga.az. portalı vasitəsilə həyata keçiriləcək.*
B.Rüstəmbəyov