2021-ci ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 milyard 214 milyon 152 min sərnişin daşınıb ki, bu da 2020-ci ilin göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 milyon 825,8 min nəfər (artım 33%), dəniz nəqliyyatı ilə 17,7 min nəfər (azalma 13,2%), hava nəqliyyatı ilə 1 milyon 132,4 min nəfər (artım 96%) daşınıb.
Bundan əlavə, 2021-ci ildə avtomobil nəqliyyatı vasitələri ilə 1 milyard 119 milyon 943,8 min sərnişin (artım 1,8%), avtobuslarla 1 milyard 32 milyon 999,8 min sərnişin (azalma 2,1%), taksilərlə 86 milyon 944 min sərnişin (artım 93,5%) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 90 milyon 232,4 min sərnişinə (artım 20,8%) xidmət göstərilib.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-2021-ci illərdə Azərbaycanda aviareyslərin həyata keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qüvvədə qalıb.**
B.Rüstəmbəyov