28.01.2022 18:10

Əliyev Tokayevi “Nur Otan” Partiyasının sədri seçilməsi münasibətilə təbrik edib

Prezident İlham Əliyev “Nur Otan” Partiyasının sədri seçilməsi münasibətilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik teleqramı göndərib.

“Bizim dost ölkələrimiz arasında münasibətlər bu gün uğurla inkişaf edir, birgə layihələr fəal surətdə həyata keçirilir. Biz Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı bundan sonra da dərinləşdirmək əzmindəyik”, - deyə dövlət başçısının rəsmi saytında dərc olunmuş təbrikdə bildirilir.

Əliyev Azərbaycanın və Qazaxıstanın hakim partiyaları arasında əməkdaşlığın müsbət dinamikasını məmnuniyyətlə qeyd edib.

“Azərbaycanın və Qazaxıstanın hakim partiyaları – Yeni Azərbaycan Partiyası və “Nur Otan” Partiyası arasında əməkdaşlığın müsbət dinamikasını və fəal dialoqu məmnuniyyətlə qeyd etmək istərdim. Partiyalararası əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir”, - deyə təbrikdə qeyd olunur.*

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.