“Nasionalnaya oborona” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib ki, Rusiya ictimaiyyətinin RF Erməniləri İttifaqının fəaliyyətinə sərt və mənfi reaksiyası nəticəsində erməni kollaborasionist Qaregin Njde haqqında filmin nümayişi baş tutmayıb. Filmin bu gün Moskvada nümayiş etdirilməsi nəzərdə tutulmuşdu.
“Rusiya Erməniləri İttifaqında nasist kollaborasionisti Qaregin Njde haqqında filmin nümayişi baş tutmadı. “İzvestiya”nın məlumatına görə, tədbir başlamazdan əvvəl Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları belə bir nümayişin qanunsuz olması ilə bağlı prokurorluğun xəbərdarlığını oxuyublar”, - deyə hərbi ekspert öz teleqram kanalında yazıb.
Daha əvvəl Korotçenko RF Erməniləri İttifaqının nasist cinayətkar Njde haqqında film nümayiş etdirmək planlarını sərt şəkildə tənqid etmişdi. “Dünən Leninqradın blokadadan çıxarılmasının 78-ci ildönümünü qeyd etdik, bu gün isə Moskvada Hitlerin əlaltısı Qaregin Njde haqqında film göstərəcəklər. Sadəcə, söz yoxdur. Bu gün Njdeni mədh edirlər, sabah da Hitleri? RF İstintaq Komitəsi və Baş Prokurorluğu buna reaksiya verəcək?”, - deyə o yazıb.
İ.Korotçenko qeyd edib ki, nasist kollaborasionisti Qaregin Njdeni tərənnüm edən film və kitablar ekstremist materialların federal siyahısına salınmalıdır.
O xatırladıb ki, Njde nasist kollaborasionisti və cinayətkardır. “Hərbi əks-kəşfiyyat bunu müəyyən edib. Rusiya Müdafiə Nazirliyi isə bu məlumatı ictimaiyyətə açıqlayıb”, - deyə o vurğulayıb.