Prezident İlham Əliyev İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə İran Prezidenti Seyid İbrahim Rəisini təbrik edib. Təbrik məktubu Azərbaycan Prezidentinin saytında dərc olunub.
“İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Biz belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk. Bu gün ikitərəfli əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və rifah diləyirəm”, - deyə təbrikdə bildirilir.
Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, 2021-ci ilin noyabr ayında Rəisi ilə Aşqabadda keçirilən görüş ikitərəfli münasibətlərin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına töhfə verəcək.*
B.Rüstəmbəyov