Bakı Berlin və Vyana ilə əməkdaşlığın möhkəmlənməsinə ümid edir. Bu barədə bazar günü Almaniya və Avstriya ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bəyan edilib.
“Bu gün Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Almaniya Federativ Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Almaniya əməkdaşlığının daha da möhkəmlənməsini gözləyirik”, - XİN-in Twitter hesabında deyilir.
“Bu gün Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Avstriya hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyini gözləyirik”, - XİN-dən qeyd edilir.
Öz növbəsində, Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias Lüttenberq (Matthias Luttenberg) vurğulayıb ki, Azərbaycan Almaniya üçün Qafqazda ən mühüm ticarət tərəfdaşıdır.
"30 il əvvəl bu gün Almaniya və Azərbaycan arasında diplomatik əlaqələr qurularaq, dərin əlaqələrimizə zəmin yaradılıb – Azərbaycan Almaniya üçün Qafqazda ən mühüm ticarət tərəfdaşıdır, Almaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edir. 30 il ərzində Azərbaycan Avropa İttifaqına yaxınlaşıb”, - Lüttenberq öz Twitter hesabında yazıb. **
R.Kərimov