Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisini 40%-ə çatdırmağı planlaşdırır.
AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər ki, 2021-ci ilin yekunları üzrə bu göstərici 2020-ci illə müqayisədə 9.1% bəndi yüksələrək 31.8%-ə bərabər olub.
“2021-ci il ərzində Azərbaycan daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci ililə müqayisədə 29% artaraq 38 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 79.6% artaraq 11.5 milyard manat olub”, - deyə məlumatda bildirilir.
Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2021-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2020-ci illə müqayisədə 57.5% artaraq 110 milyon ədəd, həcmi isə 81% artaraq 7.5 milyard manat olub.
1 yanvar 2022-ci il tarixinə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 11.5 milyon ədəd təşkil edib və bu kartların 65%-i təmassız ödənişləri dəstəkləyib. “2020-ci illə müqayisədə ödəniş kartlarının sayı 20%, o cümlədən təmassız kartların sayı 2 dəfə artıb”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov