22.02.2022 19:26

Azərbaycan-Rusiya sərhədində avtonəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması məsələsi müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov Rusiya Federasiyasının Dağıstan Respublikasına səfəri çərçivəsində RF-nin dövlət qurumları ilə Azərbaycan-Rusiya sərhədində gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətini müzakirə edib. Bu barədə DGK-nın məlumatında deyilir.

İ.Hüseynovun Dağıstana səfəri Samur-Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması məsələsinin müzakirə edilməsi məqsədilə həyata keçirilib.

“Görüşdə Rusiya tərəfi Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının məntəqədə aparılan təmir-tikinti işlərindən qaynaqlandığını və müvəqqəti xarakter daşıdığını bildirib. Bununla yanaşı, təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması, mövcud şərait nəzərə alınmaqla məntəqənin buraxılış qabiliyyətinin mümkün qədər maksimum həddə saxlanılması və əlavə zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin aparılacağı qeyd edilib”, - deyə məlumatda bildirilir.

Görüşdə, həmçinin “Şirvanlı” - “Novo-Filya” gömrük-sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsi və buradan dolu yük maşınlarının keçidinin təmin edilməsi məsələsi geniş müzakirə olunub.

“Yaraq-Qazmalar” buraxılış məntəqəsindən keçən yük axınının azaldılması məqsədilə tərəflərin dəmir yolu nəqliyyat növündən də istifadəsi, “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin, burada aparılan yenidənqurma işləri nəzərə alınmaqla, buraxılış qabiliyyətinin artırılması razılaşdırılıb. Azərbaycan tərəfində “Xanoba” gömrük-sərhəd buraxılış məntəqəsində yenidənqurma işləri başa çatdıqca nəqliyyat vasitələri üçün hərəkət zolaqlarının mərhələli şəkildə istifadəyə verilməsi imkanlarının nəzərdən keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə razılıq əldə olunub”, - deyə məlumatda vurğulanır.

Görüşdə, eyni zamanda, meyvə-tərəvəz və digər tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin buraxılışına üstünlük veriləcəyi barədə maraqlı tərəflərin məlumatlandırılması və cari məsələlərin müzakirəsi üçün rüblük əsasda görüşlərin təşkili qərara alınıb.*

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.