Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ilə danışıqların Belarusda aparılması mümkün deyil və danışıq yeri üçün digər şəhərləri, o cümlədən Bakını təklif edib.
“Əgər ərazilərinizdən təcavüzkar hərəkətlər olmasaydı, Minskdə danışa bilərdik. İndi biz deyirik - Minsk yox. Digər şəhərlər görüş yeri ola bilər”, - deyə Ukrayna lideri bu gün videomüraciətində bildirib.
“Varşava, Bratislava, Budapeşt, İstanbul, Bakı - biz Rusiya tərəfinə bütün bunları təklif etmişik. Ərazisindən raketlər uçmayan ölkədə istənilən başqa şəhər bizə uyğundur. “Yalnız bu halda danışıqlar vicdanlı ola bilər”, - deyə V.Zelenski vurğulayıb.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirmişdi ki, RF nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gedib.
“Əldə edilmiş razılığa əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib. Biz bu danışıqları Qomeldə başlamağa hazırlaşacağıq”, - deyə o qeyd edib.*