Prezident İlham Əliyev martın 4-də “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etmək tapşırılıb.
Nazirlikdən bildiriblər ki, bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) əhatə edir.
Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək. Qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq.
Sərəncama əsasən, Nazirlər Kabinetinə maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.*
E.Şəfiyev