Martın 10-da Antalyada Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. “Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov forumda iştirak etməyə razılıq veriblər.
“Kuleba və Lavrov Antalyaya gələcəklər. Görüş mənim iştirakımla keçiriləcək. Biz onun təşkil edilməsi üçün böyük səy göstərmişik”, - deyə nazir qeyd edib.
Çavuşoğlu qarşıdakı görüşün regionda sülh və sabitliyə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.*