Azərbaycan prezidenti İlham Əliyev cümə günü Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır”, - dövlət başçısının saytında dərc olunan təbrikdə deyilir.
Təbrikdə Əliyev qeyd edib ki, Azərbaycan Qarabağa “böyük qayıdış planını uğurla gerçəkləşdirir”.
“İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik”, - təbrikdə qeyd olunur. **