Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
“Telefon danışığı zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, xüsusilə iqtisadi, ticari, enerji və digər sahələrdəəməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Məhəmməd bin Zayed Əl Nahyan BƏƏ-nin bərpaolunun enerji sahəsində Azərbaycan ilə strateji əməkdaşlığı inkişaf etdirmək və təqdim olunan layihələri dəstəkləməkdə maraqlı olduğunu ifadə edib.
“Söhbət zamanı, həmçinin Ukraynada baş verən hadisələr fonunda dünya enerji bazarında sabitliyin təmin olunması, beynəlxalq və regional gündəliyə aid olan və qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev