Martın 29-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 20 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb, tələb 40 milyon manat təşkil edib.
BFB-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hərrac zamanı 2 investor tərəfindən sifariş təqdim edilib.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib.
7920 gün (22 il) tədavül müddətli istiqrazların ödəmə tarixi 4 dekabr 2043-cü ildir.
İstiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir, faiz ödənişləri hər 180 gündən bir həyata keçirilir.
İstiqrazların yerləşdirilməsinin anderrayteri rolunda “Unicapital” İnvestisiya Şirkəti çıxış edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
X.Nəsirzadə