Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Avropa Şurasının baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
“Söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağı məmnunluqla qeyd edilib və bu Proqramda bir sıra sahələrdə əməkdaşlığın nəzərdə tutulduğu vurğulanıb”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırılması üçün irəli sürdüyü təkliflər, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyət barədə Avropa Şurasının baş katibinə məlumat verib.
Prezident İlham Əliyev Avropa Şurasının da iki ölkə arasında etimad quruculuğu prosesinə və inteqrasiya olunmuş Cənubi Qafqaz regionunun qurulması işinə töhfə verə biləcək bir platforma rolunu oynaya biləcəyini qeyd edib.
Mariya Peyçinoviç Buriç Avropa Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu vurğulayıb.
“Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev