Azərbaycan və İran İmişli-Parsabad dəmir yolunun tikintisi imkanını öyrənir.
“Bu məsələ cari ilin mart ayında Bakıda Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iclası çərçivəsində müzakirə olunub. İclasın yekunlarına dair tərəflər İmişli (Azərbaycan) - Parsabad (İran) dəmir yolunun tikintisi imkanını nəzərdə keçirməyə dair razılığa gəliblər”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Bundan başqa, iclasda tərəflər aidiyyəti strukturlar səviyyəsində Naxçıvan-Məşhəd-Naxçıvan sərnişin qatarının fəaliyyətini bərpa etmək məsələsi üzrə müzakirələr aparmağa dair razılığa gəliblər.
2016-cı il dekabrın 29-dan etibarən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyətə başlayıb. Lakin bir ildən sonra texniki səbəblərdən qatarın fəaliyyəti dayandırılıb. 2018-ci ildə qatarın fəaliyyəti bərpa olunub, lakin COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər səbəbindən yenidən fəaliyyəti dayandırılıb. **
N.Abbasova