ABŞ və Fransa ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina ediblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün erməni həmkarı Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm, çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə bağlı olan hər şeyi ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünü ləğv ediblər və bizimlə bu formatda ünsiyyət qurmayacaqlarını bəyan ediblər”, - deyə o bildirib.
Lavrovun sözlərinə görə, əgər onlar Qarabağ nizamlanması ilə bağlı və bütövlükdə Cənubi Qafqazdakı maraqlarını, indiki halda isə Ermənistan tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir.
Rusiya XİN başçısı bu yanaşmanı tamamilə məsuliyyətsiz hesab edir. “Bu, bizi yolumuzdan döndərməyəcək, biz Qarabağ məsələsinin həllinə həmişə olduğu kimi kömək etməyə, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların yerinə yetirilməsinə tam sadiqik”, - deyə o vurğulayıb.*