Səhiyyə Nazirliyində Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə İnsan Resurslarının İnkişafı Təcrübə Proqram Qrupunun rəhbəri Ahmet Levent Yenerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, səhiyyə sisteminin təkmilləşdirilməsi Azərbaycan üçün prioritet məsələdir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Dünya Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır”, - deyə məlumatda bildirilir.
DB nümayəndələri “Azərbaycanda Rəqəmsal Səhiyyə Ekosisteminin Qiymətləndirilməsi: 2022-2026-cı illər üçün Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması” layihəsi çərçivəsində ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflərini təqdim ediblər.
“İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər, həmçinin Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.*