2022-ci il fevral ayının yekunları üzrə Azərbaycanda orta aylıq nominal əmək haqqı 768,3 manat ($451,94) təşkil edir ki, bu da bir il əvvələ olan göstəricidən 11% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci il martın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 705,1 min nəfər (yanvarın 1-nə 1 milyon 682,1 min nəfər) olub ki, bu da bir il əvvəllə müqayisədə 3,6 min nəfər və ya 0,2% çoxdur.
Onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,8%-i təhsil, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2021-ci ilin yekunları üzrə Azərbaycanda orta aylıq nominal əmək haqqı 732,1 manat ($430,65) təşkil edir ki, bu da 2020-ci ilin göstəricisindən 3,4% çoxdur. **
E.Şəfiyev