Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, əgər Ermənistanın silahlandırılmasına vəsait ayrılarsa, o zaman Bakı bunu qeyri-dost addım kimi qiymətləndirəcək.
“İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı”, - Əliyev çərşənbə axşamı bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Onun sözlərinə görə, əgər Ermənistana silahlanmaya belə iri vəsaitlər ayrılmasaydı, o zaman Ermənistan "özü gəlib boynunu büküb Bakı ilə razılığa gələrdi"(sülh ilə əlaqədar - İF). “Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”, - Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, indi əsas məsələ - Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır. “Bu prosesə töhfə verməyə hazır olan istənilən təşkilat qəbulediləndir. Ermənistan münasibətlərin normallaşması ilə bağlı 5 baza prinsipimizə müsbət yanaşdı. Mən Brüsseldə keçirilən görüşdə (aprelin 6-da - İF) bu məqamı aydınlaşdırmaq istədim və lazımi cavabı aldım. Əgər Ermənistan həmin 5 prinsipi qəbul edirsə, bu deməkdir ki, Azərbaycana ərazi iddialarından əl çəkir”, - dövlət başçısı vurğulayıb.
Prezident əlavə edib ki, “aprelin sonunadək sərhədlərin delimitasiyası və sülh sazişinin hazırlanması üzrə Azərbaycan-Ermənistan işçi qrupları formalaşdırılacaq və tez zamanda fəaliyyətə başlamalıdırlar”. **
E.Şəfiyev