Prezident İlham Əliyev bəyan edib ki, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəsə də, sülh danışıqları Ermənistanın yeni rəhbərliyinin bəyanatları və hərəkətlərindən sonra 2019-cu ildə dalana dirəndi.
“Həqiqətən mən istəyirdim ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə yolu ilə yox. Çünki hesab edirdim ki, sülh yolu ilə bu məsələnin həlli mümkündür. Beynəlxalq hüququn norma və prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi. Dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən və haqq-ədalətə söykənən qərar və qətnamələr qəbul etmişlər. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyildi. Eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur - nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur”, - deyə dövlət başçısı bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
“Hesab edirdim ki, Ermənistanda nəhayət anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi və uzun sürən – 30 ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik”, - deyə o qeyd edib.
İ.Əliyev vurğulayıb ki, 2019-cu ildə Ermənistanda hakimiyyət dəyişdikdən sonra bu ölkə ilə sülh danışıqları dayandırıldı. “2019-cu ildə Ermənistan rəhbərliyi tam fərqli mövqe sərgiləməyə başlamışdır. Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinə son qoyuldu və bu açıqlamadan sonra mənimlə görüşə gələn Minsk qrupu demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. Çünki bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması qeyri-mümkündür. Çünki danışıqların mahiyyəti ondan ibarət idi ki, işğal altında olan torpaqlar azad olunacaq. Ancaq Ermənistan rəhbərliyi daha uzağa getdi. Ondan sonra bizə qarşı açıq təhdidlər dilə gətirildi. Yeni torpaqlar uğrunda yeni müharibə ilə bizi hədələdilər”, - deyə dövlət başçısı bildirib.
O əlavə edib: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.
İ.Əliyev vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul ediblər və hazırda Azərbaycan-Ermənistan arasında normallaşma məsələsi gündəlikdədir.*
X.Nəsirzadə